"Öz
peşəmdən həzz alıram"
Kinooperator Kənan Məmmədov:
"Heç vaxt rejissorla konflikt yaratmamışam"
Teatr, kino sənətindən yazanda,
əsasən üzdə olanlardan, gördüklərimizdən
yazmışıq. Amma unutmuşuq ki, üzə
çıxarılanın üzünü məhz bizimlə
böyük və əsrarəngiz bir aləmin arasında
duran gümüşü pərdənin arxasındakılar
ağardır.
Bugünkü
müsahibimiz də belə fədakar insanlardan biri
-tanınmış kinooperator Kənan Məmmədovdur.
Məmmədov
Kənan Əzizağa oğlu 1946-cı ildə Bakı şəhərində
şərqşünas-alim, professor Əzizağa Məmmədovun
ailəsində dünyaya göz açıb. 1965-ci ildə
orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət
Politexnik İnstitutuna daxil olub.
Ancaq kino sənətinə və
kinooperatorluğa olan hədsiz marağı onu Politexnik
İnstitutunda təhsilini yarımçıq qoyub, Moskvaya-
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun
kinooperator fakültəsinə daxil olmağa məcbur edib.
1971-76-cı illərdə o, bu ali təhsil müssisəsində
kinooperatorluğun sirlərinə yiyələnib.
1976-cı
il avqustun 1-dən bu günə qədər Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
kinooperator işləyən Kənan Məmmədovun kinoda ilk
böyük işi "Evdə kişi var" filmi olub. Bundan
başqa, o, "Atları yəhərləyin", "Təhminə",
"Fəryad", "Otel otağı",
"Ovsunçu" və daha neçə-neçə
yaddaqalan filmlərin quruluşçu operatoru olub.
1986-cı
ildə "Atları yəhərləyin" filminə
görə SSRİ Dövlət Mükafatına, 1999-cu ildə
isə "Əməkdar incəsənət xadimi"
adına layiq görülüb.
- Mən 1976-cı ildə Moskvadan
qayıdandan sonra ilk dəfə Rasim Ocaqovun çəkdiyi
"Ad günü" filmində ikinci operator kimi fəaliyyətə
başladım. Sonralar bir müddət sənədli filmlərin
çəkilişləri ilə məşğul olmuşam.
1978-ci ildən isə artıq bədii filmlərin çəkilişlərində
iştirak edirəm. Həmin ildə böyük sənətkarımız,
mərhum Tofiq Tağızadə ilə birlikdə İsi Məlikzadənin
ssenarisi əsasında "Evdə kişi var" filmini
çəkmişəm. Bu, mənim
quruluşçu operator kimi bədii kinoda ilk işim idi.
Ötən bu 25 ildə isə 18 bədii film çəkmişəm.
Düzdür, arada sənədli film çəkmişəm,
televiziyada işləmişəm, ancaq əsas işim bədii
filmlər çəkmək olub.
- İndi bir çox opreatorlar
rejissorluq edirlər. Sizcə, operatorluqdan rejissorluğa
keçmək asandırmı?
- Xeyr, asan
deyil. Əksinə, mən deyərdim, çox çətindir.
Düzdür, bizdə belə rejissorlar var, məsələn,
Rasim Ocaqov, Rasim İsmayılov, Ələkbər Muradov. Bir
vaxtlar mən də belə fikrə
düşmüşdüm ki, özüm film çəkim. Nəsə
sonra bu fikirdən imtina elədim. Mən öz peşəmdən
həzz alıram.
Amma bir
iş də var ki, rejissor operator işini yaxşı bilməlidir.
Bu, rejissorun şəxsi qabiliyyətindən
asılıdır. Rejissor bundan başqa, işıqla işləməyi
də yaxşı bacarmalıdır. Çünki
işıqla ekranda əhval-ruhiyyə yaradırsan.
İşıq aktyora faciəvi görünüş də
verə bilər, gülməli də göstərə bilər.
İşıq aktyoru qocaldıb-cavanlaşdıra bilər. Yəni
işıq kinoda mühüm vasitədir. İşıqla
işləmək birinci növbədə operatorun işidir.
- Film yaxşı alınanda
rejissor, aktyorlar təriflənir, pis alınanda isə çox
vaxt günahları operatorun üzərinə yıxırlar.
Siz də belə hallarla rastlaşmısınız?
- Dəfələrlə
rastlaşmışam. Film yaxşı alınanda, deyirlər,
rejissor yaxşı çəkib, pis alınanda isə deyirlər
ki, operator pis çəkib. Operator sənəti spesifik, konkret
sənətdir. Məsələ bundadır ki, onun sənəti
göz qabağında olur. Kinossenarini rejissor ssenarisinə
çevirəndə, rejissor bütün işləri
operatorla sıx əlaqədə qurmalıdır.
Sözsüz ki, filmin müəllifi rejissordur. Amma operatorun
işi ondan ibarətdir ki, rejissorun ideyasını, onun
gördüyü ssenarini tamaşaçıya
çatdıra bilsin. Yəni kino vizual sənətdir, film
çəkiləndən sonra tamaşaçı ona məhz
operatorun gözü ilə baxır.
- İşlədiyiniz müddətdə
hansı maraqlı hadisələrin şahidi olmusunuz?
-
İşlə bağlı xatirələr boldur. Götürək
elə "Atları yəhərləyin" filmini. Filmi
rejissor Əbdül Mahmudbəyov mərhum sənətkarımız,
xalq artisti Həsənağa Turabovla birlikdə çəkirdi.
Amma filmi "Qaçaq Nəbi" adı ilə çəkmişdik.
Film artıq hazır idi, son işlər gedirdi. Mən də
filmin surətlərinin çıxarılması ilə
bağlı Leninqrada getmişdim. Birdən məlum oldu ki, bir
erməni alim Bakıdan Mərkəzi Komitəyə məktub
göndərib ki, "Azərbaycanfilm" Zəngəzur
bölgəsində erməniləri qıran qəddar
Qaçaq Nəbi haqqında film çəkib. Bir müddət
bütün işləri saxladılar. Sonra başda
yazıçı Anar olmaqla, tanınmış
adamlarımız bu filmin müdafiəsinə qalxdılar və
erməniləri yerlərində oturtdular. Amma filmin adını
dəyişdilər. Əvvəlcə dedilər "Qanlı
zəmi" olsun. Sonradan "Qanlı zəmi"ni də dəyişdirdilər
ki, "qanlı" sözü ermənilərə pis təsir
edir. Axırda "Atları yəhərləyin" adı ilə
film ekranlara çıxdı. Hətta o vaxtlar filmdə qəhrəmanın
adını dəyişdirməyi də təklif edirdilər.
Deyirdilər filmin qəhrəmanının adı
"Qaçaq Süleyman" və yaxud başqa ad olsun. O
film mənim üçün ən əziz filmlərdən
biridir. Biz filmi 1982-ci ildə çəkib təhvil verdik,
1986-cı ildə isə filmə SSRİ Dövlət
Mükafatı verildi. Doğrudan da "Atları yəhərləyin"
gözəl sənət əsəridi. Burda rejissor, operator və
aktyor işi bir-birini tamamlayır. Rəhmətlik Həsənağa
Turabov "Qaçaq Nəbi" obrazını böyük məharətlə
yaradıb. Amma onun at çapmasında problem
yaranmışdı. Gəlin sizə bir sirr də
açım. Yəqin bilirsiniz ki, Həsənağa müəllim
bütün filmlərində özü at çapıb.
"Atları yəhərləyin" filmindən əvvəl
də o, "Qorxma, mən səninləyəm" filmində
quldurbaşı rolunda çəkilmişdi. Bu filmin çəkilişində
at onu yıxdığına görə, atdan çəkinirdi.
Qaçaq Nəbinin çevik alınmasından ötrü
biz kaskadyordan istifadə etdik. Atçılıq üzrə
idman ustası vardı Sabir adında, Həsənağa müəllimə
də çox oxşayırdı. Bəzi səhnələrdə
onu çəkdik. Bir-birilərinə o dərəcədə
oxşayırdılar ki, qrimdə olanda onları seçmək
olmurdu.
Nə isə, "Atları yəhərləyin"
Əbdül Mahmudbəyovun ilk böyükmetrajlı rəngli
filmiydi. Sonradan onunla birlikdə bir neçə film çəkdik
-1988-ci ildə "İki sahil", 1990-cı ildə "Gecə
qatarında ölüm" və s.
Ümumiyyətlə,
kino çəkilişinin özü çox maraqlı
prosesdir. Çəkiliş müddətində isə
sözsüz ki, maraqlı hadisələr baş verir. Hər
filmdə belə şeylər olur. Bir misal çəkim, Rasim
Ocaqovla "Özgə həyat" filmini çəkəndə
çox məzəli bir hadisə ilə üzləşdik.
Ssenaridə beləydi ki, finalda filmin qəhrəmanı
ölürdü. Final səhnəsini də Dövlət
Statistika Komitəsinin foyesində çəkirdik. Baş rolda
da məşhur rus aktyoru Kolyagin çəkilirdi. Onun qara lent
bağlanmış böyük bir şəkli idarənin
giriş qapısına vurulmuşdu. Birdən Statistika Komitəsinin
bir işçisi içəri daxil olub şəkli görəndə,
az qaldı huşunu itirsin. Sən demə Kolyagin onların
şöbə müdirinə oxşayırmış. Odur ki,
"Necə yəni bu rəhmətə gedib? Mən dünən
bununla bir yerdəydim axı", -deyə qiyyə çəkdi.
Sonra gözü çəkiliş heyətinə, kameralara
sataşdı, bildi ki, kino çəkirik. Hər şeyi
başa düşəndən sonra da başladı ki, "bu,
rüsvayçılıqdır, insanları ələ
salırsınız" və s.
Amma çoxlu çətinliklərlə
üzləşdiyimiz çəkilişlərimiz də olub.
Rasim Ocaqovun "Təhminə" filminin çəkilişləri
zamanı xoşagəlməz hadisələrlə
rastlaşdıq. Rasim müəllim özü xəstələndi,
filmin çəkilişləri 2-3 ay təxirə
salındı. Sonra "Təhminə" rolunu oynayan türk
aktrisası cərrahiyyə əməliyyatı keçirdi.
Final səhnələrini çəkəndə Fəxrəddin
Manafov çəkiliş zamanı avtomobil qəzasına
düşdü, ayağı əzildi...
- Elə olubmu ki, çəkiliş
zamanı rejissorla sizin aranızda, aktyorla rejissor arasında və
ya sizinlə aktyor arasında mübahisə, xoşagəlməz
hallar olsun?
- Əlbəttə,
olub. Kino çəkilişi çox emosional prosesdir. Bəzən
elə çətin məqamlar ortalığa
çıxır ki, buna əsəb dözmür. Heç
yadımdan çıxmaz, Əbdül Mahmudbəyovla
"İki sahil" filmini çəkirdik. Xalq artisti Tariyel
Qasımov baş rollardan birini oynayırdı. Pavilyonda uzun bir
kadr çəkməliydik, ancaq sən demə, Tariyel rolun
sözlərini öyrənməyibmiş. Çəkilişə
gələn aktyordan da birinci öz rolunun sözlərini bilmək
tələb olunur. Aktyor öz sözlərini bilməyəndə
problemlər yaranır. Çünki onun fikri qalır sözlərin
yanında. Nə isə... Operator dili ilə desək, hər
"18-20 metr"dən sonra sözlər Tariyelin yadından
çıxırdı. Məcbur olurduq həmin kadrı bir də
çəkək. Axırda mən dözə bilmədim,
özümdən çıxdım, dedim "daha çəkmirəm".
Axı nə qədər lent zay olmuşdu. Tariyel də bir az
pərt oldu. Amma ertəsi gün həmin səhnələri
problemsiz çəkdik.
Belə
hadisələr tək Tariyellə bağlı olmayıb. Məsəlçün,
mənim ilk böyük işim olan "Evdə kişi
var" filmində rəhmətlik Barat Şəkinskaya baş
rolda çəkilirdi. O zaman Barat xanım da çəkilişlərin
birində rolun sözlərini əzbərləməmişdi.
Həmin səhnəni 12 dəfə çəkdik, yenə
alınmadı. Tofiq müəllim rəhmətlik
çıxdı özündən, mən də hirslənib
kameranı bir tərəfə atdım.
- Rejissorlarla necə, yola gedə
bilirsinizmi?
- Hərdən
rejissorla operator arasında da əsəb gərginliyi yaradan məqamlar
olur. Hətta elə olur ki, mübahisə dava-dalaşa qədər
gedib çıxır. Lakin mən belə hadisələrlə
üzləşməmişəm. Düzdür, rejissorla
yüngül mübahisələrimiz düşüb...
- Hansı filmlərdə?
- Demək
olar ki, bütün filmlərdə. Amma mən daxilən
mülayim adam olduğuma görə həmişə
çalışmışam işimi elə qurum ki,
böyük konfiliktlər yaranmasın. Çünki biz
kollektivlə işləyirik. Rejissorla operator arasında
aqressiv münasibət onlardan hansısa işini düzgün
qurmayanda yaranır. Hətta mənim rejissora hansısa bir
iradım olanda da, onu təklikdə deməyə
çalışmışam.
- Bu gün korifey
saydığımız rejissorlarımızdan kimlərlə
işləmisiniz?
-
Bilirsinizmi, hər dövrün öz korifeyləri olur. Mən
kinoya gələndə çoxları hələ həyatdan
köçməmişdi. Misal üçün, Həsən
Seyidbəyli. Amma mən o vaxt çox cavan idim. O vaxtlar hər
cavan kadra hər rejissor film etibar eləmirdi. Mən 1976-cı
ildən üzü bəri demək olar ki, korifey dediyimiz
bütün rejissorlarla işləmişəm. Elə birinci məni
quruluşçu operator kimi rəhmətlik Tofiq Tağızadə
filminə dəvət elədi. Onun bu addımını
çoxları o zaman böyük təəccüblə
qarşıladı. Ondan başqa, birlikdə işlədiyim
rejissorlardan Rasim Ocaqovun, Rasim İsmayılovun, Əbdül
Mahmudbəyovun, Oqtay Mirqasımovun adını çəkə
bilərəm.
- Adlarını çəkdiyiniz
rejissorlardan hansılarla işləmək rahat idi. Ümumiyyətlə,
siz bu rejissorları necə xarakterizə edərdiniz?
- Bu sənətkarların
hərəsinin öz dünyagörüşü, sənətə
münasibəti və öz dəst-xətti var. Bunlar təmamilə
bir-birindən fərqlənən insanlardır.
- Belə fərqli rejissorlarla
işləmək çətinlik yaratmır?
-
Ümumiyyətlə, kino çəkmək çox əzab-əziyyətli
işdir. Bir tərəfdən də, hər dəfə yeni rejissorla
işləmək mənim üçün yenilik idi. Hər dəfə
işlədiyim rejissorun iş üslubunu öyrənməyə
çalışırdım. Bayaq dedim ki, heç vaxt
rejissorla konflikt yaratmamışam. Ona görə də mənim
elə bir çətinliyim olmayıb.
AYXAN
Ekspress.-
2013.- 20 iyun.- S.15.